Birinci Dünya müharibəsi illərində Rusiya və Qərb dövlətləri
tərəfindən dəstəklənən erməni və assuri hərbi birləşmələrinin Güney
Azərbaycanda, daha dəqiq desək, Urmiye , Salmas, Maku və Xoy
bölgəsində millətimizə qarşı törətdiyi dəhşətli cinayətlər, kütləvi
qırğınlar uzun zaman istər İranda, istərsə də keçmiş SSRİ-də gizli
saxlanmış, yaxud təhrif olunmuş şəkildə qələmə verilmişdir. Yalnız son
illər Güneydə «cilovluq faciəsi» kimi tanınan bu soyqırım aktlarına
dair məqalə və kitablar, sənəd və materiallar ortaya çıxmışdır. Bu
baxımdan Güneyli tarixçi Tohid Məlikzadə Dilməqaninin «Azərbaycan
Birinci Dünya müharibəsində, yaxud cilovluq faciəsi» adlı fundamental
əsəri faktoloji bazasının zənginliyi ilə diqqəti çəkir. Fars dilində
yazılmış bu qiymətli kitab artıq AMEA Şərqşünaslıq İnstitutu Cənubi
Azərbaycan şöbəsinin əməkdaşı Cəmalə Mirzəyeva tərəfindən Azərbaycan
dilinə tərcümə edilmişdir və hazırda çapa hazırlanmaqdadır. Həmin
tərcümədən bir parçanı sizə təqdim edirik
Birinci Dünya müharibəsi bəşər mədəniyyəti tarixində dönüş nöqtəsi
sayılır. Belə ki, bu müharibə zamanı köhnə ictimai, siyasi
quruluşların çoxu yenisi ilə əvəz olundu, böyük imperiyalar xırda
məmləkətlərə çevrildilər, yeni milli hökumətlər meydana gəldi.
Azərbaycan (burada və sonra Güney Azərbaycan nəzərdə tutulur – red.)
əsas döyüş meydanından, yəni Avropadan uzaq olsa da, geosiyasi
mövqeyinə görə elə müharibənin ilk günlərindən rus və osmanlı
ordularının tapdağı altına düşdü və bir çox səbəblərdən, o cümlədən,
mədəni yaxınlığa görə osmanlılara meyilli mövqe nümayiş etdirdi. Bu
ərazidə həmişə çoxluq təşkil etmiş və edən Azərbaycan türkləri
osmanlılara havadarlıq etsələr də, Azərbaycanın xristian mənşəli
sakinləri öz həmyerlilərinin əksinə olaraq, Rusiya, İngiltərə və
Amerika dövlətləri ilə tərəfdaşlıq edirdilər. Bunlar Azərbaycanın türk
mənşəli xristianları idilər, lakin XIX əsrin əvvəllərindən etibarən
qərb missionerlərinin səyi nəticəsində erməni dilini öyrənməyə
başladılar. Bir çoxu hətta öz qədim təriqətlərini – qriqorianlığı
(şərqdə yayılmış xristian təriqəti) atıb missionerlərin yaydığı
katolik, protestant və ya ortodoks xristian məzhəblərinə üz
tuturdular. Missionerlərin təbliğatının səbəblərindən biri də
Azərbaycan xristianlarını rus, ingilis, Fransa qüvvələrin tərəfinə
çəkmək idi. Bunun nəticəsi Birinci Dünya müharibəsi zamanı Azərbaycan
xristianlarının hərəkətlərində özünü göstərdi.
1909-cu ildə ruslar Təbrizdə Rusiyaya qarşı təhlükə yaranması bəhanəsi
ilə Azərbaycanı bütövlüklə işğal etdilər və bu vaxtdan etibarən
Azərbaycan sərhədi boyunca Osmanlı dövləti ilə həmsərhəd oldular.
Birinci Dünya müharibəsinin və Rusiya-Osmanlı ardıcıl müharibələrinin
baş verməsi üzündən Osmanlı dövləti Azərbaycanda Rusiya qüvvələrinin
yerləşməsi ilə razılaşa bilmədi və buna görə Qacar dövlətinə rusların
Azərbaycandan çıxarılması tələbi ilə nota göndərdi. Qacar dövləti
məsələni ruslarla müzakirəyə çıxardı. Lakin ruslar bu notaya məhəl
qoymadılar. Hətta Rusiyanın Qafqazdakı baş komandanlığı şimal-qərbdəki
ordu hissələrinin «Azərbaycan korpusu» adı ilə general Çernozubovun
başçılığı altında yenidən qurmaq və möhkəmlətmək haqda qərar verdi. Bu
ordunun əsas vəzifələrindən biri isti sulara və indiki İraq ərazisinə
çıxış üçün çox böyük əhəmiyyətə malik olan Culfa-Xoy-Salmas və Urmiye
yolunun qorunması idi. Bu bölgədə rusların xristian tərəfdaşlarının
möcudluğu keçidin əhəmiyyətini daha da artırdı.
1915-ci ilin əvvəlində Azərbaycan rus və Osmanlı qüvvələrinin toqquşma
meydanına çevril¬mişdi. Osmanlı qüvvələri Ənvər paşanın komandanlığı
ilə bölgəni rus tör-töküntülərindən təmizləmək üçün Azərbaycana
yaxınlaşdı. Lakin şəmsi tarixilə 1294-cü ilin dey ayında (1915-ci ilin
əvvəlləri) böyük Sarıqamış faciəsi baş verdi. Ənvər paşa Ərzurumun
Allah-əkbər dağlarında 100 min əsgərini itirdi.
1916-cı ilin yazında bütün bölgə tədricən rusların işğalına məruz
qaldı. Osmanlıların rusları bölgədən sıxışdırmaq üçün etdiyi sonuncu
cəhd Dilman döyüşündə (aprel-may aylarında) uğursuzluqla nəticələndi.
Azərbaycanda «cilov» adlanan Osmanlı aysorlar (assuriyalılar – red.)
hərbi oyunlardan kənarda qalmayaraq, öz dövlətlərinə qarşı müharibə
elan etdilər. Lakin onlar Osmanlı ordusu qarşısında uzun müddət dayana
bilmədilər. Əvvəllər rus qüvvələrinə arxalanıb Osmanlı dövlətinə qarşı
qiyam qaldırmış aysorlar bu dəfə də rusların ətəyindən yapışaraq,
Azərbaycana qaçdılar. Kişi, qadın və uşaqlardan ibarət on minlərlə
cilov Hakkaridən qaçaraq, ac və yorğun halda Urmiye və Salmasa
gəldilər.
Çağrılmamış bu ac qonaqların gəlməsi, üstəlik bu hadisənin dünya
müharibəsi şəraitində baş verməsi Azərbaycan üçün çox ağır bir yük
idi. Lakin buna baxmayaraq, Azərbaycan əhalisi onların yaşaması üçün
münasib şərait yaradıb çörək və ocaqlarını onlarla bölüşdü. Cilovlar
bu duz-çörəyin qarşılığını ölüm, qan və güllə ilə yetərincə ödədilər.
1918-ci il Oktyabr inqilabına, Rusiyanın Dünya müharibəsindən və o
cümlədən, Azərbaycandan çıxmasına qədər ruslar və cilovlar bazarların
yandırılmasında, əhalinin qırılmasında birgə fəaliyyət göstərirdilər.
Ruslar Azərbaycandan çıxdıqda, müttəfiqlər rusların əvəzinə
azərbaycanlılara və osmanlılara qarşı cilovları silahlandıraraq,
onlardan 6 batalyon (4 batalyon aysor və 2 batalyon erməni), 4
batareya, 300 nəfərlik süvari dəstəsi və rus, ingilis, fransız
zabitlərinin komandanlığı altında bir pulemyot rotası təşkil etdilər.
Xristian ordusu Urmiyeda 3 gün sürən qırğınlar törədərək, 22 fevral
1918-ci ildə Azərbaycanın qərbini işğal etdiyini bildirdi. Cilovların
milli və dini rəhbəri olan Marşimon öz süvari qoşununu möhkəmləndirmək
üçün ingilislərin müttəfiqi sayılan Simitkonun yanına gəldi. Lakin 16
mart 1918-ci ildə o, Salmasdakı Köhnəşəhərdə Simitko tərəfindən
öldürüldü. Bu hadisədən sonra Urmiye, Dilman və Köhnəşəhərdə yenidən
qətliam başlandı. Bir neçə ay ərzində 100 mindən çox azərbaycanlı
şəhid oldu.
Andranik də cilovlara, oradan da ingilislərə qoşulmaqla, «Böyük
Ermənistan» yaratmaq planını həyata keçirmək üçün 25 min erməni ilə
Xoya hücum etdi. Amma onun bu məqsədi Xoydakı azərbaycanlı
mücahidlərin və Osmanlı ordusunun fəaliyyəti nəticəsində baş tutmadı.
Osmanlı ordusunun Azərbaycana daxil olması ilə on minlərlə erməni və
aysor ingilislərin köməyi ilə Urmiye gölünün cənubuna, oradan isə
Həmədana – ingilislərin bazasına qaçdı. İngilislər onları Bağdadın
şimalındakı düşərgələrdə yerləşdirdilər.
Azərbaycan xristianları bir çox avantüralardan sonra ümumi əfv
olunaraq, Urmiye və Salmasa qayıtdılar.
XX əsrin əvvəllərində Arazın hər iki tayında azərbaycanlıların
soyqırımı faciəsi Rza xanın hakimiyyətə gəlməsi ilə qaranlığa gömüldü,
onun Azərbaycan türkləri ilə dərin düşmənçiliyi sayəsində unutduruldu.
Şəhərlərin tarixi haqqında yazılan bir neçə kitab istisna olmaqla, heç
bir müəllif tərəfindən heç bir kitabda bu mühüm mövzuya toxunulmadı.
Beləliklə, sonrakı nəsillər cilovluq faciəsindən tamamilə xəbərsiz
qaldı…
Birinci Dünya müharibəsinin başlanması
Birinci Dünya müharibəsi 1914-cü il iyunun 28-də başlandı. Buna səbəb
zahirən Avstriyanın vəliəhdi ershersoq Frans Ferdinand və onun
xanımının Sarayevoda öldürülməsi oldu. Əslində isə müharibəyə səbəb
böyük dövlətlərin mənafelərinin toqquşması idi. Müharibə qısa müddətdə
dünyanın böyük hissəsini əhatə etdi. Azərbaycan da qonşu dövlətlərin –
Rusiya və Osmanlının Azərbaycan ərazisinə girməsi ilə bu müharibəyə
qatıldı.
Osmanlı dövləti 1914-cü ilin payızında müttəfiqlərə müharibə elan etdi
və açıq-aydın Rusiya, İngiltərə, Fransa ilə savaşa başladı. Qacar
dövləti Osmanlı dövlətinin müharibəyə qoşulmasından iki gün sonra
bitərəflik haqqında bəyanat verdi. Azərbaycan isə Rusiya və
İngiltərəyə ümumxalq nifrət bəslədiyi üçün, həm də osmanlılarla mədəni
və dini cəhətdən yaxın olduğuna görə, osmanlıların tərəfində çıxış
etdi. Yüzlərlə azərbaycanlı məşrutəçi 1910-cu ildə rusların
Azərbaycanı işğalı nəticəsində Osmanlı dövlətinin İstanbul, Van və s.
şəhərlərinə pənah aparmışdılar. Onlar da Azərbaycanda rusların
işğalına son qoymaq üçün Osmanlı ordusuna qatıldılar.
Azərbaycan 1912-ci ildən etibarən rusların tam işğalı altında idi.
Belə bir şəraitdə Şücaüddövlə mərkəzi Tehran hakimiyyətindən asılı
olmayaraq, birbaşa rusların tabeçiliyində fəaliyyət göstərirdi. Bu
vəziyyət 1912-ci ildən Dünya müharibəsinin başlanmasından 2 ay sonraya
qədər davam etdi. O, hətta III Məclisə seçkilərdə Azərbaycanın
iştirakına mane olmağa nail olmuşdu. Beləliklə, Azərbaycan qeyri-rəsmi
olsa da, Qacar İranından ayrılmışdı.
Müharibə başlandıqdan sonra Osmanlı dövlətinin cəhdlərinə baxmayaraq,
Qacar hökuməti Azərbaycandan rusları çıxara bilmədi. 1914-cü il
oktiyabrın 2-də Xarici İşlər nazirliyi Rusiya səfirliyinə məktubla
müraciət edərək, bitərəf olduğunu bildirdi və buna görə də rus
qoşunlarının çıxmasını tələb etdi. Lakin Rusiya səfirliyi 4 gün sonra
məktuba cavab verərək, bu tələbi qəbul etmədiyini bildirdi. Osmanlı
dövləti isə qonşuluğunda rus hərbi qüvvələrinin yerləşməsinə sakit
baxa bilmədiyi üçün ordusunu Azərbaycanla sərhədə gətirdi. Təbrizdə
ruslar tərəfindən Osmanlı və Avstriya konsullarının həbs edilmələri
ilə müttəfiqlərin və birləşmiş qüvvələrin müharibəsi Azərbaycanı da
bürüdü.
16 oktyabr 1914-cü ildə rus qoşunu Van tərəfə hərəkət etdi. Osmanlı
dövləti də Azərbaycana 10 min nəfərlik qoşun yeritdi və Xoydakı Qotur
məntəqəsini tutdu. Azərbaycan sərhədində mövqe tutmuş rus
qruplaşmasının komandanı general Varpanov Osmanlı qoşununun qarşısını
ala bilmədi. Osmanlı qoşunu Azərbaycan torpağına daxil oldu. Xarici
İşlər Nazirliyi bəyanat verərək, bir daha Qacar dövlətinin
bitərəfliyini və Osmanlı qoşunlarının Azərbaycan a daxil olmasını elan
etdi:
«Əgər kimsə bu dövlətə qarşı silah qaldırarsa və bitərəfliyi pozan bir
hərəkətə yol verərsə, ciddi surətdə cəzalandırılacaqdır. Dövlət
tərəfindən həmin şəxsin əmlakı müsadirə olunacaq, özü isə ölümə məhkum
olunaraq, dar ağacından asılacaqdır».
Bu bəyanatla sözdə Osmanlıların tərəfi saxlanılsa da, bu, yalnız
formal xarakter daşıyırdı.
Müharibənin ilk aylarında Azərbaycanda Rusiya və Osmanlı qüvvələrinin
mövqeləri
12 iyun 1914-cü ildə Batum və Qarsda toplaşmış Osmanlı ordusu
Azərbaycana daxil olaraq, Naxçıvan və Xoya doğru hücum etdi.
Osmanlılar bu yürüşdə Qarsda mövqe tutmuş qoşundan başqa,
Azərbaycandakı tərəfdarlarına və Osmanlı dövlətinin ərazisinə köçmüş
azərbaycanlı məşrutəçilərə də arxalanırdılar. Azərbaycanda şəkak
tayfasının başçısı olan Simitko, Köhnəşəhərli Teymur ağa kimi insanlar
ruslara əməkdaşlıq edirdilər. Hətta Azərbaycana dövlət tərəfindən
təyin olunmuş vali Səmədxan Şücaüddövlə də rusların əli altında
işləyirdi. Osmanlılar Simitkonun ruslarla əlbir olduğunu əvvəlcədən
bilirdilər. Belə ki, 28 yanvar 1913-cü ildə Osmanlı dövlətinin sərhəd
xidmətinin 19-cu bölüyünün komandanı yüzbaşı Abdullah Əfəndi, Yəhya
Çavuş və daha bir nəfər şəxs vəzifə başından qayıdarkən, 15 nəfər
Simitko atlısı tərəfindən tutularaq, Simitkonun yanına gətirilmişdi.
Simitko Abdullah Əfəndiyə demişdi: «Siz Seyid Tahanın evini topa tutub
xaraba qoymusunuz, onun əmlakını müsadirə və bizi isə təhqir
etmisiniz. Siz kafirsiniz, imansızsınız. Görün, ruslar bizə necə
hörmət edirlər, necə qayğı göstərirlər. Bizə orden və rütbə verirlər.
Savadlanmağımız üçün məktəb açırlar Kürdlərin sizin zülmünüzdən
qurataracağı vaxt uzaqda deyil. Əgər ruslarla döyüşə girsəniz, öz
tayfamla sizə zərbə endirəcəyəm və Abdullah Əfəndini Salmasın mərkəzi
Dilmanda rus kosuluna verəcəyəm». Yəhya çavuşu isə şəhid edib Urmiyeda
dəfn etdilər.
Birinci Dünya müharibəsi başlayarkən, kardar, somay və lahican
tayfaları da Osmanlılarla birləşdilər. Osmanlı dövlətinin daxilində
isə Əbdüssalam Şeyx Barzan və başqa bəzi tayfa başçıları ruslarla
əlbir oldular. Osmanlı dövlətindən Mirzə Səid Salmasinin dostu olan
məşhur vaiz Ömər Naci «İttihad və tərəqqi» partiyasınınnın fəal üzvü
və Osmanlı gizli təşkilatının üzvü olan Rəşid bəy, Çərkəs Ədhəm,
Rövşəni bəy ilə birgə Azərbaycana gəldi. Onların məqsədi ruslara qarşı
azərbaycanlıların səylərini birləşdirmək və rus qüvvələrinin bir
hissəsini sıradan çıxarmaq idi.
200-ə qədər azərbaycanlı məşrutəçi mühacir də Osmanlı qoşununun
sıralarına daxil oldu. Bunların arasında Əmir Hişmət, Hacı Mirzə ağa
Billuri, Mirzə Nurullah xan Yekani, Haşım xan, Nəsrullah xan,
Farisül-mülk, Heydər xan Əmoğlu, Hüseyn Ağa Fişəngçi kimi şəxslər var
idi.
Birinci Dünya müharibəsindən əvvəl Azərbaycanda yerləşən rus hərbi
qüvvələrinin mövqeyi və döyüş hazırlığı
Dediyimiz kimi, rus qoşunu 1912-ci ildən Azərbaycanı işğal etmişdi və
onun döyüş imkanları aşağıdakı kimi idi:
- Komandanı general Çernozubov, qərargah rəisi polkovnik Andropovski
olan II Qafqaz ordusu.
- Xoyda: 6, 8 və 2-ci briqadalar; 2 top batareyası ilə birgə kazak
süvari briqadası.
- Salmas vilayətinin mərkəzi olan Dilməqanda (Dilmanda) bir top
batareyası ilə birgə 7-ci briqada.
- Urmiye da: süvari batareyası ilə birgə 5-ci briqada, bir dağlıq
batareyası.
Osmanlı hərbi kəşfiyyat xidmətinin əldə etdiyi məlumata görə, bundan
başqa İrəvanda 35 min rus əsgəri, Makuda 10 ədəd səhra topu ilə 2500
nəfər, Kağızmanda bir süvari bölüyü döyüşə hazır vəziyyətdə idi.
Azərbaycan və Anadolu türklərinə qarşı müharibədə ermənilərin
fəaliyyəti
Azərbycan, Osmanlı və Rusiyada yaşayan ermənilər də ruslarala bərabər
azərbaycanlılara və osmanlılara qarşı vuruşurdular. Dünya
müharibəsindən bir az əvvəl imperator II Nikolay Tiflis səfərində
ermənilərin arxiyepiskopunun sözlərinə cavab olaraq, demişdi:
«Cənab keşiş, kilsəyə gələn insanlara deyin ki, erməniləri çox parlaq
bir gələcək gözləyir».
O, bu sözlərlə Rusiyada, Osmanlıda, İranda və başqa ölkələrdə yaşayan
erməniləri osmanlılarla müharibədə iştiraka sövq edirdi. Bu bəyanatdan
az sonra Ermənistanda tez bir zamanda könüllü ordu birləşmələri
yaradıldı və rus ordusunun bir hissəsinə çevrilən bu birləşmələr
Rusiya-Osmanlı sərhədində mövqe tutdu.
Müharibənin başlanğıcında ermənilərin sayı
Salmasdakı erməni daşnaklarının ümumi sayı 1000 nəfərdən çox idi.
Bundan başqa Andranikin başçılığı ilə 3000 nəfərdən çox erməni Ağrıdağ
ətrafında (Makunun şimal-qərbində), Supuren komandanlığında 1000 nəfər
Doğu Bəyaziddə yerləşən Qurtqapan bölgəsində, Van-Bitlis və Muşdan
qaçmış 7000 nəfər erməni Kağızmanda, 5000 erməni Şağanda, 1500 nəfər
erməni Qarsda, 10000 nəfər erməni İqdırda, Serob komandanlığında isə
1000 nəfər erməni mövqe tutmuşdu. Müharibədə müstəqil şəkildə iştirak
edən ermənilərin ümumi sayı 31000 nəfər idi.
Dolayısı ilə Rusiyada da 120000 erməni müharibəyə səfərbər edilmişdi.
1914-cü ildə isə 60000 erməni orduya çağırıldı. Beləliklə, ermənilər
rus ordusuna ümumi sayı 180000 nəfər olan əsgər verdilər. Rus ordusuna
qoşulmuş Osmanlı, Salmas, Urmiye aysorlarının və Azərbaycan
ermənilərinin sayı 100 min nəfərdən çox idi.
Beləliklə, Azərbaycan və Osmanlı dövlətinə qarşı müharibədə 250 mindən
çox erməni iştirak etmişdi.
Ruslara qarşı osmanlıların ümumi hücümunun başlanğıcı
22 oktyabr 1914-cü ildə osmanlıların ruslara qarşı ümumi hücumu
başlandı. Azərbaycanda yerləşən Rusiya ordusu haqqında Osmanlı hərbi
kəşfiyyatının raportunda yazılırdı:
- Maku: Bir topxana və bir süvari birqadası ilə birgə III piyada
briqadası.
- Xoy: üç süvari rotası, döyüşə hazır vəziyyətdə olan bir piyada
qoşunu və iki-üç minə qədər ehtiyat əsgər qüvvəsi.
- Dilman: iki ağır top və bir süvari bölüyü ilə gücləndirilmiş VII
briqada.
- Urmiye: Türküstandan gətirilmiş topxanası olan bir süvari batalyonu,
dağlıq ərazi üçün münasib olan bir top batareyası, üç süvari bölüyü
ilə birgə V briqada.
- Təbriz: VIII rus briqadası.
26 oktyabr 1914-cü ildə ruslar Osmanlı qüvvələrinin ardıcıl
hücumlarının qarşısında dayanmaq üçün Salmasdakı qüvvələrinin sayını
5000-ə qədər artırdılar və buraya əlavə olaraq 8 top gətirdilər. 29
oktyabrda Osmanlı qüvvələri Qotur adlanan yeri tutdular. Ruslar
tərəfindən Qotura hakim təyin olunmuş Simitko heç bir müqavimət
göstərməyərək qaçdı.
Ruslar tərəfindən Anadolunun şərqi və Azərbaycanın qərbinin tutulması
6 noyabr 1914-cü ildə bir rus batalionu Köhnəşəhərdəki mövqelərindən
hərəkət edərək Başqala bölgəsində yerləşən Deyrə hücum etdi. Bu hücum
nəticəsində Osmanlı ordusu geri çəkilməli oldu. Noyabrın 9-da Deyr ələ
keçirildi. Həmin ayın 13-də isə Başqala işğal olundu və oranın
müsəlmanları ermənilər və ruslar tərəfindən qırğına məruz qaldılar.
Osmanlı qüvvələrinin baş komandanı bu məğlubiyyətin ordu daxilində
erməni xəyanəti nəticəsində baş verdiyini elan etdi. Onun sözlərinə
görə, ermənilər Osmanlı qüvvələrinin əsas hissəsinə arxadan zərbə
vurmuşdular. Azərbaycanda döyüşlər şiddətləndi. Bunun ardınca ruslar
ermənilərin və aysorların Şərqi Anadolunu və Van şəhərini işğal
etmələrinə, müstəqil aysor və erməni dövlətlərinin yaranmasına kömək
göstərmək üçün üç tərəfdən Van və Şərqi Anadoluya hücuma başladılar.
1. Urmiye tərəfdən - Səmdinan: 16 noyabr 1914-cü il
2. Salmas tərəfdən - Başqala: 17 noyabr 1914-cü il
3. Qotur tərəfdən - Van: 18 noyabr 1914-cü il
Ağır hücumlarının qarşısında geri çəkilən osmanlılar Azərbaycanın
qərbi ilə yanaşı, Anadolunun şərqini də rusların işğalı altında
qoymağa məcbur oldular. Rusların irəliləməsini görən Van və Ərzurum
valiləri çarəsiz qalaraq, Azərbaycan və Anadolu cəbhəsinin qorunmasına
cavabdeh olan III Osmanlı ordusundan Van və başqa mühüm şəhərlərin
rusların və ermənilərin əlinə keçməməsi üçün yardım istədilər.
Osmanlı qoşununun bir hissəsi 5-6 noyabr 1914-cü ildə
Süleymaniyyə-Banə, Rəvandiz-Savucbulaq (indiki Mahabad) xətti ilə
hərə¬kət edərək, rus qüvvələri ilə döyüşürdü. Bu qoşun hissəsi
rusların Vana hücumununun ardınca 27 noyabrda burada ruslarla döyüşə
girdi və bir rus süvari briqadasını məğlubiyyətə uğradaraq, Urmiye
tərəfə hərəkət etməyə başladı. 16 dekabrda isə rusların əlaltısı
Şücaüddövləyə tabe olan azərbaycanlılardan və Miyandoab (Qoşaçay –
red.) bölgəsi tayfalarından təşkil olunmuş qüvvələri ilə Osmanlı
qüvvələr arasında ağır bir döyüş oldu. Şücaüddövlə 1914-cü il noyabrın
axırlarında Yaltadan gələn rus qüvvələrinin köməyi ilə Təbrizə daxil
olmuşdu və bir neçə gün ərzində 4000 nəfərlik dövlət qoşunu ilə
Miyandoabda Osmanlı əleyhinə mövqe tutmuşdu. O, bu döyüşdə məğlub
olaraq, Marağa, Binab və Məlikan tərəfə geri çəkildi. Osmanlı qoşunu
Təbrizə doğru irəlilədi (25 dekabr 1914-cü il).
Osmanlı qüvvələri 30 dekabr 1914-cü ildə heç bir döyüşsüz Təbrizə
daxil oldular. Belə ki, ruslar Osmanlılar gəlməmişdən qabaq Təbrizi
tərk etmişdilər.
Yüzbaşı Əhməd Muxtar bəyin komandanlığı altında Osmanlı və
azərbaycanlı qüvvələrinin şəhərə gəlməsindən sonra Təbrizin valisi
Sərdar Rəşid azərbaycanlıların osmanlı qoşunu ilə birgə hərəkətinin
İran dövlətinin bitərəfliyini pozduğunu dedi və ən tez bir zamanda
Osmanlı qoşununun Təbrizdən çıxmasını tələb etdi. Lakin yüzbaşı Əhməd
Muxtar bəy Şücaüddövlə qoşununda azərbaycanlıların ruslarla birgə
osmanlılara qarşı döyüşdə iştirak etdiyini bildirərək, 32 rus
əsirindən 22-nin Şücaüddövlə qoşunundan olduğunu, azərbaycanın
İkiçayarası və Şərqi Anadoluya keçid yolu olduğunu və valinin bu
tələbinin qəbul edilməyəcəyini söylədi.
Şücaüddövlə bu məğlubiyyətdən sonra rusların digər əməliyyatlarında da
iştirak etdi. Sonralar o, ruslarla birgə Azərbaycanı tərk etdi və
1918-ci ildə Rusiyada xərçəng xəstəliyindən vəfat etdi.
Osmanlıların Urmiyeya hücumları və oranın tutulması
Miyandoabda rusların məğlubiyyətindən sonra 22 dekabr 1914-cü ildə
osmanlıların Bacirgəh rotası və Xətib Ömər Nacinin Azərbaycan məhəlli
dəstələrindən və tayfalarından təşkil olunmuş qoşunu Urmiyeya tərəf
hərəkət etdi. Osmanlı hərbi qüvvələri hərəkət etməmişdən qabaq Əmir
Hişmət Neysari və Osmanlı dövlətində yaşayan Azərbaycan
məşrutəçilərinin böyük bir qrupu Urmiyenın iki ağaclığında yerləşən
Məvanədəki rus mövqelərinə hücum etdilər və onları məğlubiyyətə
uğratdılar. Rus əsgərləri oradan və Ənhər bölgəsindən çıxdıqdan sonra
Urmiyeya qaçdılar. Bu vaxt Urmiyeda rus qoşununun sayı çox az idi.
Belə ki, Qars və Ərzurumdakı rus mövqelərinə hücum edən Ənvər paşanın
qarşısını almaq üçün Azərbaycanda yerləşən rus qüvvələri oraya
göndərilmişdi. Tədricən ruslar Azərbaycandan çıxırdılar. Talelərini
ruslara tapşırmış Azərbaycan aysorları və erməniləri də ruslarla
bərabər geri çəkilərək, Urmiye və Salmasdan çıxdılar.
Urmiye və Salmasdan aysorların və ermənilərin qaçması (1915-ci il 1
yanvar)
1914-cü il dekabr ayının axırlarında Van valisi Cövdət bəyin
komandanlığı ilə Urmiye şəhəri mühasirəyə alındı və döyüşlər daha da
şiddətləndi. Ruslar şəhər divarlarının bürcləri üzərindən Osmanlıların
Cuvudlar dağındakı mövqelərini topa tutdular. Nəhayət, 1 yanvar
1915-ci ildə rus hərbi qüvvələri Urmiye və Salması boşaldıb Qarsa
tərəf geri çəkildilər. Ruslarla birgə azərbaycanlılara əzab-əziyyət
verən ermənilər və aysorlar da rusların gözlənilmədən geri
çəkilməsindən təşvişə düşüb tələsik hərəkət etdilər. Onların bir çoxu
qışın soyuğunda, heç bir hazırlıq görmədən və həyat üçün zəruri olan
hər hansı bir vasitəsiz yola çıxdılar. Urmiye hakimi Etimadüddövlə
kimi rusların tərəfdarı olan dövlət məmurları da Urmiyedan çıxıb
Dilmana tərəf hərəkət etdilər. Urmiye şəhərinin özündən və ətraf
kəndlərindən qadın, kişi və uşaqlardan ibarət 10 minə qədər aysor və
erməni hərəkətə başladı. Onların çoxunun minik heyvanları və arabaları
olmadığı üçün qarlı və palçıqlı yollarla piyada getməli oldular. Qalan
erməni və aysorlar isə İngiltərə, Amerika kimi yabançı dövlətlərin
konsulluqlarına və xarici missioner təşkilatlarına üz tutaraq, onların
binalarına mümkün qədər çox sayda yaşayış üçün önəmli olan vasitələr
topladılar.
Öz əməllərinə görə Osmanlı türkləri və azərbaycanlıların intiqamından
qorxan Urmiye və Salmas erməniləri və aysorlarının başına gələn
müsibətləri Avropa müəllifləri, o cümlədən, Avropada yaşayan erməni və
aysor əsilli müəlliflər yanlış olaraq, erməni və xristianların
soyqırımı kimi qələmə verdilər.
Məsələn, 1915-ci ilin yayından başlayaraq, Azərbaycan və Osmanlıya
qarşı ideoloji müharibə aparan aysorların lideri Mar Şimonun qardaşı
Pol Şimon və onun həmkarı Filipp Brays London qəzetlərində, xüsusən də
ACASR-da uydurma yazılar dərc etdilər. Bizim əlimizdə onların bütün
çap olunmuş qərəzli yazıları vardır. Bu məlumatların qərəzli olduğu və
Qərb ictimai fikrini Osmanlı və Azərbaycan türklərinə qarşı yönəltmək
üçün hazırlandığı üçün elmi əhəmiyyəti yoxdur. Ona görə də kitabda bu
yazıları vermirik. Lakin bir daha müasir dünyada, yeni əsrdə
lobbiçiliyin əhəmiyyətini yada salırıq.
Fərari aysor və ermənilər üçün Amerika ianə komissiyasının təşkil
olunması
Başqa bir yandan Amerika və Avropada yaşayan aysor və ermənilər
«Erməni və aysorlar üçün Amerika ianə komissiyası» (American
Commission for Armenian and Asyrian Relief) adlı bir komissiya təşkil
etdilər və ruslarla ittifaqa girmiş aysor və ermənilərə yardım üçün
daşnaklarla bərabər işə başladılar. Pol Simon və Braysın Azərbaycanda
aysor və ermənilərin soyqırımı haqqında qərəzli fikirlərinin əksinə
olaraq, əslində vəziyyət başqa cür idi. Belə ki, bu zaman Azərbaycan
xristianlarının çoxu müsəlman azərbaycanlıların evlərində qalırdı.
Məsələn, Urmiyenın Tula¬təpə kəndində təqribən 500 nəfər aysor
Sədrülfüzəlanın evində məskunlaşmışdı. Urmiyenın Nazlıçay bölgəsindəki
Heydərli kəndində 250 nəfər aysor Sarım Nizamın evində tam asudəlik
şəraitində yaşayırdı. Salmasda da həm kəndlərdə, həm də Dilman
şəhərində və Köhnəşəhərdə bu cür hallar xarakterik idi. Urmiye,
Salmas, Maku, Xoy şəhərlərinin hakimləri öz ərazilərində əmin-amanlığa
təminatı üzərlərinə götürərək, şəhər əhalisinin rifahı üçün
çalışırdılar.
1915-ci ilin yazında Azərbaycanın ruslar tərəfindən işğalı
1915-ci il yanvar ayında Ənvər paşanın komandanlığı altında 100 min
nəfərlik Osmanlı ordusu Sarıqamışda, Ərzurumun Allah-əkbər dağlarında
və Qarsda ağır hava şəraiti üzündən məğlub oldu. Bununla da Osmanlı
ordusu tədricən Azərbaycan və Şərqi Anadoludan sıxışdırıldı və bölgə
bütövlükdə ruslar tərəfindən işğal olundu.
Osmanlılar 1915-ci ilin yanvarından 24 may tarixinə qədər Salmas və
Urmiyenı nəzarət altında saxladılar. Salmas osmanlıların əlində idi,
Xoy isə rusların. 1915-ci il yazın əvvəllərindən etibarən Osmanlılar
bütün qüvvələrini Xoy şəhərini tutmaq və rusları Azərbaycandan geri
oturtmağa yönəltdilər. Bu məqsədlə 1915-ci il 9 və 15 yanvarda Osmanlı
qüvvələri Xoyda rus mövqelərinə hücum etdilər. Yanvarın 12-də isə
Təbriz ətrafından Mərəndə hücum edərək, Xoyu təzyiq altında
saxladılar. Lakin Mərənd döyüşündə Osmanlılar məğlubiyyətə uğradılar.
Onların 8 ağır topu rusların əlinə keçdi. Təbriz şəhəri yanvarın 14-də
Osmanlıların əlinə keçmişdi, yanvarın 30-da isə 1500-3000 nəfərlik
qüvvə ilə ruslar tərəfindən tutuldu. İngilislər onların sayının 600
nəfər olduğunu göstərmişlər.
Osmanlılar Təbrizdə olduqları iki həftə müddətində yerli əhali ilə
yaxşı rəftar etmişdilər. Osmanlı komandanının şəhərə daxil olduğu ilk
günlərdə fars və türkcə bəyanatlar verməsi ictimai fikrə böyük təsir
etmişdi. Osmanlılar bəyan etmişdilər ki, onlar Təbrizi qarət etmək
üçün yox, müsəlman diyarı olan Azərbaycanı erməni və ruslardan
qurtarmaq üçün gəlmişlər. 1915-ci il fevral ayının əvvəllərində sayca
520 nəfərdən çox olan Osmanlı əsgərləri Savucbulaqda toplaşmışdılar.
Urmiye gölünün şərqi rusların, cənubu isə osmanlıların əlində idi.
1915-ci ilin qışında osmanlıların Xoyu tutmaq cəhdləri
Salmas-Xoy cəbhəsində osmanlılar uğur qazana bilmədilər. Xoy-Salmas
cəbhəsində mövqe tutan Van jandarmerıya qüvvələri hücum əmri aldıqdan
sonra 8 yanvar 1915-ci ildə Xoyun Yəzdikan bölgəsində toplaşdılar.
Ruslar da qərb və cənub-qərb istiqamətində Xoy şəhərinin 5 km-liyində
əhalinin bağlarında istehkamlar qururdular. Onlar əsasən Yengicə,
Pısaq, Çavuşkəndi, İmamkəndi və Dizədiz kəndlərində yerləşmişdilər.
Osmanlıların 9 yanvar 1915-ci il əməliyyatında Van şəhərindən 200
nəfərdən çox jandarm və osmanlı tayfalarından 700 nəfər Salmasa gəlib
Xoy cəbhəsində Osmanlı ordusunun möhkəmləndirilməsi üçün oraya
göndərildilər. 21 yanvar 1915-ci ildə ruslar osmanlılara zərbə
endirərək, öz mövqelərindəki istehkamlarına qayıtdılar. Osmanlılar
məğlub oldular.
Yanvarın axırlarında Azərbaycanda rusların sayı aşağıdakı kimi idi.
- 3000 nəfərdən çox əsgər Təbrizdə;
- 2 piyada briqadası və çoxlu sayda topa malik olan bir süvari
briqadası Xoyda;
- Müəyyən sayda rus əsgəri qüvvəsi ilə bərabər 8 top Mərənddə;
- orta saylı bir dəstə 300 süvari ilə Makuda;
- 2 piyada batalyonu Doğu Bəyaziddə;
- Bir neçə topla birlikdə 1 suvari briqadası Culfada;
- Bir və ya iki süvari və piyada batalyonu Mərənd ətrafında;
- Azərbaycanda rus qüvvələrinin ümumi sayı 10 min nəfərdən çox idi.
1915-ci il fevral ayında rusların tərəfdarı olan və Şücaüddövlə ilə
birlikdə osmanlılara qarşı vuruşan Simitko osmanlılar tərəfə keçərək,
onların apardığı cihada qoşuldu. Beləliklə, Azərbaycan cəbhəsində
rusların ən mühüm müttəfiqi osmanlılara qoşuldu.
1915-ci ilin fevralında rusların mövqeləri möhkəmləndirildi. 15
fevralda Xoyda yerləşən rus qüvvələri 2 piyada batalyonu, bir top və
metralyozla Doğu Bəyazid – Qarakilsə istiqamətində gücləndirildikdən
sonra iki gün Təbriz-Salmas istiqamətində irəliləyib 17 fevralda
Tasucu işğal etdilər. Getdikcə ruslar irəliləyirdilər. Fevralın 20-də
Qotur ruslar tərəfindən işğal olundu. 25 fevralda osmanlılar Salmasın
Qızılçay bölgəsindən geri çəkildilər və Salmasın mərkəzi Dilmanın
şimalında Bərkişlu dağlarında cəmləşdilər.
1915-ci il mart ayının əvvəllərində Dilman və Köhnəşəhər ruslar
tərəfindən işğal olundu. Doğu Bəyazid və Diyadin tərəfdən Xoy və
Salmasa ardıcıl olaraq ruslara kömək üçün yeni qüvvələr gəlirdi.
Osmanlılar isə Van valisinin komandanlığı altında
Köhnəşəhər-Deyr-Başqala istiqamətində mövqe tutaraq, rusların Vana
hücumlarının qarşısını alırdılar. Van və Şərqi Anadoluda vəziyyət
ağırlaşmışdı. Belə ki, bölgədəki ermənilər ruslarla birgə osmanlılara
qarşı döyüşürdülər. Ermənilərin ruslara köməyi nəticəsində osmanlılar
ardıcıl olaraq, öz mövqelərini əldən verirdilər. Xəlil bəy rusların
Vana hücumu xəbərini alan kimi Ərzurum valisindən kömək istədi. Lakin
Sarıqamış döyüşündən sonra osmanlıların bölgədə qüvvələri azalmışdı.
Osmanlı ordusunun təkcə Urmiye-Dilman istiqamətində yalnız 150 süvari
ilə birgə sərhəd qoşunlarının 19-cu Bacirgəh batalyonu var idi.
Qalanları isə Qotur-Van müqavimət bölgəsində dağınıq şəkildə
yerləşmişdilər.
1915-ci ilin martında bölgədə rus qüvvələrinin sayı aşağıdakı kimi
idi:
- Xoy: 3 piyada briqadası, 1 süvari briqadası, 8 top;
- Salmasın mərkəzi olan Dilmandan 6 km şimaldakı (Muğancıq və Bərkişli
dağları) çadır düşərgələrdə, Dilman və Köhnəşəhər bazalarında: 1
piyada batalyonu, 1 süvari briqadası, erməni könüllü birləşmələri
(Andranikin başçılığı ilə I erməni batalyonu) ilə birgə 2 top;
- Makuda Bəyazid-Qızıldərə istiqamətində: 1 piyada batalyonu, 6 top və
300 atlıya malik bir süvari briqadası;
- Sofyanın qərbində: bir qrup süvari ilə birgə bir piyada batalyonu;
- Təbrizdən 8 km cənubda (Sərdəri): 200 piyada, 2 top və süvari
dəstəsi.
- Marağa: (Şücaüddövlənin könüllülər dəstəsi): 800 piyada və 400
süvari.
Osmanlı qüvvələrinə qarşı ermənilərin fəaliyyətləri
1915-ci ilin Novruz bayramı ərəfəsində ermənilərin Osmanlı qüvvələrinə
qarşı fəaliyyətləri davam edirdi. Erməni və aysorları «Ermənis¬tan»
dövlətinin yaradılması ilə şirnikləndirən ruslar və ingilislər Osmanlı
dövlətinin daxilində vətəndaş müharibəsi yaratmağa nail oldular.
Pastor Macyanın yazdığına görə, bu müharibədə 180 mindən artıq erməni
könüllü olaraq rus ordusuna qoşuldu. Onların 50 mindən çoxu müharibədə
öldürüldü. Osmanlı dövləti ərazisində yaşayan aysor və ermənilərin
Osmanlı qoşununa hücumlarının artması və müsəlman əhaliyə qarşı
soyqırım törətmələri Osmanlı dövlətini erməniləri cəbhə bölgəsindən
köçürməyə vadar etdi. Aşağıda bu haqda ətraflı danışacağıq.
1915-ci il mart ayında Osmanlıların ruslara hücumu
Osmanlıların ruslara ardıcıl məğlubiyyətindən sonra 1914-cü il dekabr
ayının 1-də Ənvər paşa Azərbaycanda rus qüvvələrinə qarşı ümumi hücum
əmri verdi.
27 mart 1915-ci ildə Osmanlı səfirinin İstanbula göndərdiyi teleqrafda
Xoy-Salmas cəbhəsində 1200 nəfərdən çox rus əsgərinin toplaşdığı xəbər
verilir. Bu teleqrafda bildirilir ki, Sofyanda tif xəstəliyi şiddətlə
yayılır. Miyandoab və Marağada isə Osmanlı ordusu ilə gəlmiş tayfalar
insanlara əziyyət verir və Azərbaycan əhalisi onların burada
olmalarından çox narazıdır.
Azərbaycana Osmanlı ordusundan qabaq azərbaycanlılardan ibarət
bölüklər daxil oldular. O cümlədən, salmaslı Heydər Əmoğlu
azərbaycanlılardan ibarət bir dəstə ilə 7 mart 1915-ci ildə Urmiyeya
daxil oldu. Almaniya səfirliyi isə bir qrup azərbaycanlı azadlıqsevəri
ona köməyə göndərdi.
1915-ci il martın 17-də Xəlil paşanın rəhbərliyi altında sayı 10 min
nəfərdən çox olan böyük bir Osmanlı ordusu Urmiyeya çatdı. O il hava
çox mülayim keçirdi. Ağacların çoxu çiçəkləmişdi. Çöl-çəmən xüsusi
təravət saçırdı. Yerli əhali sevinclə onları qarşılayırdı. Xəlil bəyin
əsgərləri tayfalardan təşkil olunmuş qoşundan fərqli olaraq,
ədəb-ərkanla hərəkət edirdilər, təhsilli və mədəni idilər. Məsələn,
onları qarşılayan əhaliyə çatan hər bir rota və ya batalyon camaata
salam verərək: «Mərhəba, əfəndi» - deyirdi. Camaat isə əvəzində:
«Yaşasın islam qoşunu!» - söyləyirdi. Əhali rusların və ermənilərin
əlindən qurtardığı üçün sevinirdi. Rus məmurları və təbəələri əhalidən
pul yığır, hərbə-zorba gəlir və camaatı incidirdilər. Onlar xristian
əhalini müsəlman həmvətənlərinə qarşı qaldırırdılar. Bütün bunlardan
başqa mədəni səviyyəyə malik əsgərlərdən təşkil olnmuş Osmanlı nizami
ordusu soyğunçu tayfaların və quldur dəstələrinin də qarşısını alırdı.
Camaat ruslar və onlarla əlbir olan ermənilərin əlindən nə qədər cana
doymuşdusa, bir o qədər də Osmanlı ordusunun gəlməsinə sevinirdi.
Osmanlı ordusunun ardınca isə Rəşid bəyin gəlməsi və əhaliyə divan
tutanların yerlərində oturdulması Urmiyeda vəziyyəti yaxşılığa doğru
dəyişirdi. Xəlil bəyin ordu hissələri mükəmməl hərbi sursatla şəhərə
daxil olub şəhər kənarında yerləşən və Xatuncan çəməni adlanan yerdə
çadırlar qurdular və bir neçə gün burada dayanıb istirahət etdilər.
Rusların işğalı zamanı Təbrizin vəziyyəti
Təbriz rusların işğalı altında olarkən, azərbaycanlı tacir və əsnaflar
vaxtaşırı ruslar əleyhinə çıxışlar edirdilər.
Bakıda çap olunmuş «İqbal» qəzetinin 914-cü sayında (16 aprel 1915-ci
il) və «Qafqaz» qəzetinin 95-ci sayında (8 aprel) verilmiş məlumata
görə, Azərbay¬can əhalisi və demokratların birgə rəyi ilə qərara
gəlinmişdi ki, 4 aprel 1915-ci ildə Təbrizdə nümayiş keçirilsin.
Mitinqin keçirilməsinə bəhanə olaraq əhalinin bələdiyyə vergilərini
ödəməkdən imtina etməsi məsələsi gətirilirdi. Lakin bu mitinq rusların
Azərbaycanı istila etməsinə qarşı etirazla sona çatmışdı. Təbriz
əhalisi qərara gəlmişdi ki, işğala etiraz olaraq, bazarı bir günlük
bağlasın. Bu məsələ konsulun, vəliəhdin müdaxiləsi və bəzi adlı-sanlı
şəxslərin işə qarışması ilə həll olundu və bazar açıldı.
Ermənilərin müsəlmanlara qarşı xəyanətlərinin davam etməsi və onların
cəbhə bölgəsindən arxa bölgələrə köçürülməsi əmri
Öncə də qeyd etdiyimiz kimi, ermənilər və aysorlar Birinci Dünya
müharibəsində də öz tarixi planlarını həyata keçirərək, daha dəqiq
desək, Azərbaycan və Osmanlı türklərinə qarşı arxadan zərbə vuraraq,
ruslar və ingilislər tərəfdən müsəlmanlara qarşı müharibəyə
qoşuldular. Həm Azərbaycan, həm də Anadolu xristianları guya
müsəlmanların «ağalığından» qurtulmaq istəyirdilər. Lakin əslində
ermənilərin istər Azərbaycanda, istərsə də Anadoluda malları və
canları toxunulmaz idi. Üstəlik onlar orduda xidmətdən də azad idilər.
Müsəlmanların hakimiyyəti altında olan bir çox şəhərlərdə ermənilər və
aysorlarlara ən yaxşı vəzifələr verilmişdi. Hətta bir erməni Osmanlı
dövlətinin sədrəzəmi (baş naziri – red.) vəzifəsinə təyin edilmişdi.
Lakin ermənilər və aysorlar böyük dövlətlərin və xristian
missionerlərinin təhriki ilə ciddi şəkildə Azərbaycan və Osmanlı
dövlətindən ayrılmaq istəyir və burada «Böyük Ermənistan» yaratmağı
düşünürdülər. Bununla belə həm Azərbaycan, həm də Osmanlı erməniləri
başa düşürdülər ki, təklikdə müsəlmanlara qarşı dura bilməzlər. Buna
görə də rusların və ingilislərin müttəfiqləri kimi Osmanlı dövlətinə
qarşı müharibəyə girərək, Azərbaycan və Osmanlı müsəlmanlarına qarşı
soyqırım törətdilər. Pastor Macyan Osmanlılara xəyanətdən
«qəhrəmanlıq» kimi söz açaraq yazır ki, ermənilər «iftixar meydanında
müttəfiqlərin bayrağı altında, daha sonra isə Ermənis¬tanın fəxrimiz
olan bayrağı altında xidmət edirdilər».
Ermənilər Qafqaz cəbhəsində ön sıralarda iştirak edirdilər. 1915-ci
ildə Azərbaycan Respublikasının şimal bölgələrində və Gürcüstanda
osmanlıların məğlubiyyətə uğradılmasında, Sarıqamış döyüşündə (Kerinin
komandanlığı ilə IV batalyon), Bayazid və Ələşgerd bölgəsində
(Deronun, daha sonra isə Armenqarın komandanlığı ilə II batalyon və
Hamazaspın komandanlığı ilə III batalyon), 1915-ci ildə Vanın işğal
olunmasında (II, III, IV batalyon və daha sonra I batalyon və şahzadə
Arqutyanın başçılığı ilə V batalyon), Bitlisin işğal olunmasında
(ermənilərin I batalyonu), Dilmanın işğalında (Andranikin başçılığı
ilə) və s. fəal şəkildə iştirak etmişdilər. Erməni və aysor partizan
dəstələri də cəbhə arxasında Osmanlı ordusuna tutarlı zərbələr
vururdular, Qars-İqdır, Van, Bitlis və bu kimi bir çox bölgələrdə
yüzlərlə kəndi xaraba qoyub minlərlə müsəlmana qarşı soyqırım
törədirdilər.
Törədilən bu qarmaqarışıqlıqdan sonra Osmanlı dövləti fərman verib
bütün erməni əsgərlərini ordudan tərxis etdi və cəbhə arxasına
köçürdü. Əvvəl onları cəbhə arxasında yol, istehkam və dəmir yolu
tikintisi, hərbi təminat kimi kənar işlərə təyin olundular. Lakin bu
erməni dəstəsi daşnakların səpdiyi düşmənçilik toxumunun təsiri
altında yenidən osmanlılara qarşı işləməyə başladılar. Belə olan
surətdə Osmanlı dövləti xoşagəlməz hadisələrin qarşısını almaq və
günahsız xristianları daşnak ünsürlərinin təhrikindən uzaqlaşdırmaq
üçün qəti qərarlar qəbul edilməsinin lazımlığını yəqin etdi. Osmanlı
Daxili İşlər Nazirliyi İstanbulda 235 erməni teroristi tutdu və
dövlətin ərazisində olan bütün erməni təşkilatlarını bağlamağa
başladı. Bu vəziyyət ermənilərin köçürülməsi üçün ölkə daxilində
sabitlik əmələ gələnə qədər davam etdi. Mötəbər sənədlərə əsasən demək
olar ki, ermənilərin köçürülməsi nizam-intizamla və insidentsiz baş
tutdu. Osmanlı dövləti köçürülən ermənilər üçün mühafizə dəstələri
təyin etdi. Onlara indiki Suriya ərazisində yaşamaq üçün münasib yer
və lazımi qədər qida verdi. Lakin az müddət sonra erməni silahlı
qüvvələri erməniləri azad etmək adı ilə jandarmlara, mühafizəçilərə və
qeyri-daşnak erməni qruplarına hücum edərək, onları amansızlıqla
qırdılar.
Erməni tarixi üzrə mütəxəssis Karzonun yazdığına görə, erməni silahlı
qüvvələrinin işə qarışması ermənilərə xeyir verməkdənsə, zərər vurdu.
Beləliklə, Osmanlı dövləti ərazisində yaşayan ermənilərin bir qrupu
Suriyaya köçürüldü, silahlı və döyüşən dəstələrdən ibarət bir qrupu
isə rusların nəzarəti altında olan bölgələrə, o cümlədən, Azərbaycana
üz tutdu.
Osmanlı dövlətinin 1916-cı ildə verilmiş rəsmi bəyanatında bu barədə
aydın deyilir:
«Ölkənin xaricdən müdafiəsini və daxildə sakitliyi təmin etmək üçün
ərazidə hər an dövlətə təhlükə yaradan ermənilərin köçürülməsi vacib
sayılır. Məhz bu zərurət onların sakit və yadellərin təsiri
dairəsindən uzaq bölgəyə köçürülmələrini tələb edir».
1917-ci ildə Osmanlı dövləti tərəfindən verilmiş başqa bir bəyanatda
isə ermənilərin köçürülməsi belə izah edilir.
«Ermənilərin ölkənin sabitliyinə və imperator ordusuna təhlükə yarada
bilməyəcəkləri sakit bir bölgəyə köçürülməsi təcili yerinə yetirilməli
olan bir zərurətdir. Heç bir dövlət ölkənin müxtəlif irqdən və dindən
olan minlərlə övladları döyüş meydanlarında özlərini vətənə qurban
verərkən, bir qrup xəyanətkarın vətənə arxadan zərbə vurmasına və
düşmənin qələbəsinə çalışmasına sakitcə baxa bilməz. Qəbul olunmuş
qərarlar və tədbirlər yalnız zəruri olmaqla bitməyib, həm də çox təbii
və qanunidir. Bu qərarın yerinə yetirilməsində hər hansı bir şübhə və
gecikmə qəti surətdə vətənə xəyanətdir və bağışlanmazdır».
İndi 24 aprel 1915-ci ildə siyasi bir addım olaraq, erməni terror
təşkilatlarının bağlanması və onların başçılarının tutulması hər il
Osmanlı dövləti tərəfindən ermənilərə qarşı soyqırımı günü kimi
xatırlanır. Ermənilər seminarlar keçirməklə, kitablar və dərgilər çap
etməklə, həqiqi hadisələri saxtalaşdırıb dünya ictimai rəyini çaşdırır
və azərbaycanlılara qarşı yönəldirlər. Halbuki əgər ermənilərin türk
lərə qarşı terror əməllərinin xronologiyası tutularsa, onda gərək ilin
365 günü türklərin və müsəlmanların ermənilər tərəfindən soyqırıma
məruz qalması günü kimi qeyd edilsin.
Farscadan tərcümə: Cəmalə Mirzəyeva